Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılmasına ehtiyac duyulur. Trend-in məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışında deyib.
A.Əzimov bildirib ki, beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşları bir-biriləri ilə əlaqə saxlamalıdırlar: "Bunun üçün çevik şəbəkənin yaradılması zəruridir. Məlumat mübadiləsi və əlaqələndirmə birinci məqsəd ola bilər. Bunun davamı kimi isə, Azərbaycanın marağına uyğun regional və transregional layihə təşəbbüslərini irəli sürmək və Azərbaycanda reallaşdırılmasına imkan yaratmaq lazımdır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda sayının artırılması üçün orada çalışan vətəndaşlarımızın bir-birinə yardım etməsi, təcrübə mübadiləsi, vakansiyalara namizədlərin təqdim edilməsi üçün hansı vasitələrin effektiv olması məsələlərinə diqqət yetirilməlidir".
A.Əzimovun sözlərinə görə, bu, Azərbaycana ona görə lazımdır ki, Azərbaycan ölkə, dövlət, millət olaraq güclənir, inkişaf edir, beynəlxalq nüfuzu artır.
Nazir müavini Azərbaycana qarşı müəyyən qüvvələrin mövcudluğunu, bunlardan birinin erməni təbliğatı olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan buna qarşı güclü təzyiq göstərir və bütün imkanlardan istifadə edib öz mövqeyini dünyaya düzgün çatdırır.