Modern.az

Azərbaycan deputatları Krım haqda danışdılar: “Referendumu tatarlar keçirməli idi”

Azərbaycan deputatları Krım haqda danışdılar: “Referendumu tatarlar keçirməli idi”

Təhsil

17 Mart 2014, 14:45

“Hər hansı bir yerdə kompakt şəkildə rus yaşayırsa, bu o demək deyil ki, onlar öz müqəddəratını sərbəst şəkildə təyin edə bilər. Beynəlxalq baxımdan da Krımda referendum düzgün keçirilməyib. Bu referendumda yalnız Krım tatarları iştirak etməli idilər. Çünki rusların ikinci bir dövlət yaratmasına ehtiyac yoxdur”.

Bunu Modern.az-a deputat İlyas İsmayılov bildirib. “Qarabağ probleminə gəlincə, orada yaşayan ermənilərin ikinci bir erməni dövləti yaratmaq qərarı da doğru deyil. Ermənilər beynəlxalq hüquq prinsiplərindən istifadə edib Ermənistan dövlətini yaradıblar”.

Milli Məclis üzvü Vahid Əhmədov isə bildirib ki, Krım parlamentin qəbul etdiyi müstəqillik haqda qərar Ukraynanın ərazi bütövlüyünə böyük bir zərbə vurdu. “Ukrayna Azərbaycanın strateji müttəfiqidir. Təxminən 500 mindən çox azərbaycanlı Ukraynada yaşayır. Krımı Ukraynadan ayırmaq faktiki olaraq Ukraynanı parçalamaq deməkdir. Məncə, müəyyən müddətdən sonra hadisələr öz məcrasına dönə bilər. Bu məsələnin Qarabağ probleminə də təsiri olmayacaq”.

Qeyd edək ki, Krım parlamenti yarımadanın müstəqil dövlət olduğunu elan edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, müstəqilliyin elan olunması haqda bəyannamə Krım Ali Sovetində Rusiyaya birləşməklə bağlı martın 16-da keçirilən referendumdan əvvəl müzakirəyə çıxarılıb. Sonradan həmin sənədə əsasən Krımın Rusiyaya federasiyanın subyekti kimi birləşməsi ilə bağlı rəsmi müraciət olunub.

Bu gün günortadan sonra Krım parlamentinin nümayəndə heyəti Moskvaya yollanmaq niyyətindədir. Krımın baş naziri Sergey Akyonov deyib ki, səfərin məqsədi bundan sonrakı prosedurlarla bağlıdır.

 

Ulduz İBRAHİMOVA  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı