Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycan vətəndaşı, tibb elmləri namizədi Elxan Süleymanovu Respublika Onkoloji Dispanserin baş həkimi vəzifəsinə təyin edib.
Ramzan Kadırov yaxın günlərdə Elxan Süleymanovla birgə bir sıra xəstəxanalara baş çəkdiyini deyib. Kadırov xəstəxanaların müasir tələblərə cavab verdiyini və yeni avadanlıqlarla təchiz edildiyini bildirib.
“Respublikada ən çox yayılmış xəstəliklərdən biri də onkoloji xəstəliklərdir. Elxan Süleymanov bu sahə üzrə mütəxəssisdir. O, Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil alıb. Moskvada işləyib, Almaniyada təcrübə keçib. Əminəm ki, Elxan əhaliyə onkoloji yardımın səviyyəsini artıracaq”, deyə Ramzan Kadırov bildirib.
Çeçenistan rəhbəri Ramzan Kadırov Elxan Süleymanovu özünün səhiyyə məsələləri üzrə müşaviri vəzifəsinə də təyin edib.
Elxan Süleymanov öz növbəsində ona göstərilən etimada görə Ramzan Kadırova təşəkkür edib və tibb sahəsində var gücü ilə çalışacağını deyib.
Qeyd edək ki, Elxan Süleymanov 1974-cü ildə Bakıda anadan olub. Tibb Universitetində təhsil alıb. Bakıda Onkologiya Mərkəzində çalışıb, Moskvada aspiranturanı bitirib, tibb elmləri namizədidir. Almaniyada təcrübə keçib. Hazırda onkoloq-cərrah kimi fəaliyyət göstərir, bir neçə dil bilir.
Modern.az