(İçsəs)
Yuxu – gerçəkliyin yamsılanmasıdır.
***
Yuxu – insanın yatarkən gerçəkliyi təxəyyül və təsəvvür vasitəsilə yaşamasıdır.
***
Təxəyyül və təsəvvürsüz yuxu yarana, sonradan xatırlana bilməz.
***
Yuxu – yalançı, uydurulmuş gerçəklikdir.
***
Oyaqlıq – insan düşüncəsinin gerçəkliyə açıq olmasıdır.
***
Yatmaq – insan düşüncəsinin gerçəkliyə qapanmasıdır.
***
Yuxu – gerçəklikdən ayrılmaq, düşüncənin gerçəkliyə yanaşmasının, reaksiyasının keçici itirilməsidir.
***
İnsan düşüncəsinin başlıca qaynağı – gerçəklikdir. Bu üzdən insan hər zaman gerçəkliyə can atır, ona bağlanır.
***
Yuxu görmək – gerçəkliklə ilişkini biryolluq üzməmək, xəyali də olsa ona yenidən qayıtmaq imkanı, istəyidir.
***
Yuxuda təsəvvürlə təxəyyül üst-üstə düşmür, ona görə olayların zaman-məkan ardıcıllığı pozulur, qarışır, itir – məntiqsizlik yaranır.
***
Yuxuda məntiqsizlik, anlaşılmazlıq elə güclü olur ki, yuxunu görən də ondan baş çıxara bilmir.
***
Şirin yuxu – insanın gerçəklikdən mütləq şəkildə ayrıla bilməsindən yaranır.
***
Qarışıq yuxu, yuxu pozğunluğu – insanın gerçəklikdəki olayların təsirindən çıxa bilməməsindən yaranır.
***
Ölüm – insanın gerçəkliyə yanaşmasının, reaksiyasının biryolluq kəsilməsi, qırılması, itməsidir. Bu baxımdan az da olsa, yuxuyla ölüm arasınada oxşarlıq var.
***
Yuxuda insanın yenidən gerçəkliyə qayıtmaq imkanı olsa da, ölümdə insanın bu imkanı olmur.
***
Kliniki ölüm – daha çox yuxuya yaxındır. Kliniki ölümdə insan yuxuda olduğu kimi ayılır, gerçəkliyə qayıdır.
***
Kliniki ölüm keçirənlərin düşdükləri durumlar da (öncələr ölmüş yaxınlarını, “ölümdən sonrakı həyat”ı görmək, “o dünya”dan qayıtmaq...) – yuxudur – kliniki ölüm yuxusu!
***
Kliniki ölüm yuxusu – insanın gerçəklikdə ölüm, “o dünya” haqqında haçansa düşündüklərinin təsəvvür edilməsi və xəyalən yaşanmasıdır.
***
Adi yuxu – hamının yaşadığı fizioloji olaydır.
Kliniki ölüm yuxusu – hamının yaşamadığı, insanın bioloji ölüm təhlükəsilə yaşam arasında çarpışmasıdır.
***
Kliniki ölüm yuxusu – ölümü təsəvvür etməkdən və ona inanmaqdan başqa bir şey deyil.
***
Kliniki ölümdən ayılan insan – ölmür, demək, o, “ölümdən sonrakı həyat”ı yaşaya bilmir, yalnız təsəvvür edir və həmin təsəvvürə inanır.
***
Yuxuda gördüklərimiz – təsəvvür etdiklərimizdir, ona görə inandıqlarımızdır.
***
Yuxu gerçəkliyə oxşayır, insan yanlış olaraq yuxuda gördüklərinin izini, sonucunu gerçəklikdə axtarır.
***
Gerçəklik – yuxunun “davamı” deyil, yuxu – gerçəkliyin xəyali “davamı”dır. Ona görə yuxuya gerçək kimi inanmaq – avamlıqdır.
***
Yuxu gerçəkliyi qabaqlamır, yalnız onu yamsılayır.
***
Gerçəkliyi qabaqlayan yuxu ola bilməz. Ona görə ki, yuxu insan idrakı ilə bağlıdır, gerçəklik isə idrakdan asılı olmadan var.
***
Yuxu – gerçəklikdən sonrakıdır, öncəki deyil.