“Bayram günlərində çağırışların sayı 10 faiz artıb. Təkcə martın 23-də çağırışların sayında 10 faiz artım oldu. Bunların çoxu uşaq çağırışları idi. Bayram günlərində polikilinikalar işləmədiyindən bizə müraciət ediblər”.
Bu barədə
Modern.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib. Həkim bildirib ki, yaşlı insanlarda isə arterial təzyiqlə bağlı müraciətlərin sayında artım olub:
“Ümumilikdə 1700 çağırış olub ki, onların da 9- 10 faizi müxtəlif diaqnozlarla xəstəxanalara yerləşdirilib. Avtoqəzalara gəldikdə, adi günlərdən fərqli olaraq bayram günlərində olduqca az olub. Günə 1-2 qəza üçün çağırış olub. Bəzi günlər ümumiyyətlə, qəza ilə bağlı çağırış olmayıb. Bu, təcili yardım üçün çox az sayılır, çünki adi günlərdə daha çox qəzalar olur. Bunu çox güman ki, insanların ətraf rayonlara üz tutması ilə əlaqələndirmək olar. Şəhərdə avtomobil az idi”.
Z.Vahidova bildirib ki, qida zəhərlənməsi demək olar baş verməyib:
“Allergiyalarla bağlı çağırışlar həmişə olur. Bunu bayram süfrəsində olan şirniyyatlarla əlaqələndirmək düzgün olmazdı. Bayramla əlaqədar kütləvi şəkildə nəsə baş verməyib. Cəmi bir gün 6 nəfərin tonqalda yanması ilə bağlı müraciət olunub. 5 nəfərə yerində yardım edilib, yalnız 10 yaşlı qız xəstəxanaya yerləşdirilib”.
Gülşən Raufqızı