Bu gün Azərbaycanın tanınmış siyasi xadimi, AMİP lideri Etibar Məmmədovun doğum günüdür.
Modern.az saytı E. Məmmədovla onun doğum günü münasibətilə qısa açıqlama ala bilib. Bir zamanların aparıcı siyasi simalarından olan siyasətçi deyir ki, 58 yaşına çatmasına baxmayaraq, özünü çox gümrah, şən hesab edir. Onun sözlərinə görə, həyatında olan hər bir şey öz qaydasındadır. Onu tanıyan, hörmət edən hər bir kəs ad günü münasibəti ilə təbriklərini çatdırıb. “İlk olaraq kimin təbrik etdiyini demək ayrı-seçkilik olardı. Məni siyasətçilər arasında da təbrik edənlər var. Ancaq konkret ad çəkmək istəməzdim”, – deyə partiya lideri qeyd edib.
Milli Azadlıq Hərəkatının əsas simalarından biri olan AMİP lideri onu da deyib ki, ad gününü təntənəli şəkildə qeyd etməyəcək.
“Mən öz ailəmlə evimdə sadə formada ad günü keçirəcəyəm”.
E. Məmmədov doğum günündə Azərbaycana və onun xalqına da xoşbəxtlik arzulayıb. “Azərbaycan xalqına və dövlətimizə əmin-amanlıq, sabitlik arzulayıram. Azərbaycanın inkişaf edərək daha da qabağa getməsini diləyirəm. Dünyada gedən proseslərlə bağlı Azərbaycanın diqqətli olmasını tövsiyə edirəm”.
Qeyd edək ki, Etibar Məmmədov 1955-ci ilin bu günündə Bakıda dünyaya gəlib.1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Burada eks-prezident Əbülfəz Elçibəyin tələbəsi olub və bu amil onun siyasi fəaliyyətinə təkan verib. Belə ki o, Əbülfəz bəyin yaratdığı qruplardan birinə üzv olmaqla mübarizə dolu bir həyata qədəm qoyub.
Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb..
O, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biri olaraq partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb.
1986-cı ildə ailə həyatı quran E. Məmmədovun 2 oğlu, 1 qızı var.
Aqşin Kərimov