Bu gün Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib, sonra isə yürüşlə Rusiyanın Azərbaycandakı səfirliyi qarşısına gedib, etiraz aksiyası keçirib. Aksiya iştirakçıları "Rusiya regiondan rədd ol!", "Rusiya! Sən öz qanında boğulacaqsan!", "Rusiya! Kəlbəcərə görə cavab verməlisən!", "Ya Qarabağ, ya ölüm!" və digər şüarları səsləndirmiş, plakatlar qaldırıblar.
QAT sədri Akif Nağı qısa çıxışında bildirib: "Rusiya regionda işğalçı və ilhaqçı siyasətinə son qoymalı, Ermənistana dəstək verməməli, Azərbaycanla münasibətdə təzyiq və təhdid siyasətindən imtina etməlidiri".
Polislər aksiyanın davam etdirilməsinə imkan verməyib, plakatları aksiya iştirakçılarının əlindən alıb, onları səfirliyin qarşısından zorla uzaqlaşdırıblar.
Aksiya iştirakçılarından 2 nəfərinə aksiyanın qətnaməsini səfirliyə təqdim etməyə imkan verilib, qətnaməni səfirliyin birinci katibi qəbul edib.
Qətnamədə göstərilib: Qarabağ Azadlıq Təşkilatı təəssüf hissi ilə qeyd edir ki, Azərbaycanın Kəlbəcər bölgəsinin işğalından artıq 21 il keçir və torpaqlarımız hələ də işğal altında qalır. Kəlbəcərin işğalı Rusiya qoşunlarının birbaşa iştirakı ilə həyata keçirilmiş, Rusiya bu və digər bölgələrimizi işğal edərək Ermənistanın ixtiyarına vermişdir. Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalının əsas məsuliyyəti Rusiyanın üzərinə düşür. Əgər Rusiya olmasaydı, bu ərazilər işğal edilə və bu gün işğal altında saxlanıla bilməzdi. Ermənistan o gücə və cəsarətə malik deyil ki, kiminsə torpaqlarını zəbt etsin. Ermənistan Rusiyanın əlaltısı kimi onun əmr və tapşırıqlarını yerinə yetirir, Rusiyanın murdar və qəddar xidmətçisi rolunda çıxış edir. Rusiya regionda əsas təhlükə və təcavüz mənbəyi olaraq qalır, qonşularına münasibətdə işğalçı və ilhaqçı siyasət yeridir. Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Krım – bu ərazilərin hamısı Rusiyanın təcavüzkar və ilhaqçı siyasətinin qurbanlarıdır. Dünya birliyi sanki bunu görmək istəmir, Rusiyanın sonsuz iddiaları, güc nümayişi, təcavüzkarlığı qarşısında geri çəkilir, heç nə etmək istəmir”.


