
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Türkiyə Cumhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanı rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində önəmli qələbə qazanması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:
“Son zamanlar Türkiyə üzərində oynanılan oyunları yaxından izləyir, yaşananlardan üzüntü duyur və Milli İradənin Qurtuluşu mücadiləsində göstərdiyiniz əzm və liderlik bacarığınızı yüksək dəyərləndirir və təqdir edirəm. Dünyanın müxtəlif çevrələrində Türkiyəyə yönəlik istənilən pis niyyətli əməliyyatların qarşısını almaq yolunda Türkiyə Cümhuriyyətinə və Hökumətinizə uğurlar arzulayıram.
Turkiyə ilə Azərbaycan arasında yaxın münasibətlərin qurulmasında göstərdiyiniz cəhdlər bizi sevindirir və iki qardaş ölkənin strateji, siyasi, mədəni, iqtisadi əlaqələrinin inkişafında əlinizdən gələni bundan sonra da əsirgəməyəcəyinizə ümid edirəm”.
İlyas İsmayılov, eyni zamanda, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıya da təbrik məktubu göndərib. Millətçi Hərəkat Partiyasının martın 30-da keçirilən bələdiyyə seçkilərində Türkiyənin bir sıra əhəmiyyətli bölgələrində uğur qazandığını bildirən İ.İsmayılov bu münasibətlə D.Baxçalını təbrik edib. İ.İsmayılov həmçinin Türkiyə Cumhuriyyətində demokratik dəyərlərin qorunmasında , türk dünyasının birliyi və inkişafında da MHP-nin oyadığı rola və əldə etdiyi uğurlara hörmətlə yanaşdığını qeyd edib.
Modern.az