Modern.az

Nazirlik Yasamalda kəsilən ağaclara görə 40 min manat cərimə kəsdi

Nazirlik Yasamalda kəsilən ağaclara görə 40 min manat cərimə kəsdi

Təhsil

2 Aprel 2014, 17:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu, Mirəli Seyidov küçəsi  14 saylı binanın sakinləri tərəfindən çoxillik  ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən  şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.  

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sözügedən əraziyə baxış keçirilən zaman diametri 38-40 sm olan 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkar olunub və təqsirkarlar müəyyənləşdirilib.

Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər  Departamentinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə protokol tərtib olunaraq Bakı Şəhər Yaşıllaşdırma Təssərrüfatı Birliyi hüquqi şəxs qismində 40000 manat məbləğində cərimə edilib.

Eyni zamanda, sözügedən ərazidə yeni yaşıllıqların salınaraq mühafizə olunması və onlara qulluq göstərilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təssərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib. Müvafiq olaraq sözügedən əraziyə sərəncam vermiş Yasamal Rayon İcra Hakimiyyətinə də məktubla müraciət olunub. Məktubda xatırladılıb ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaq ayrılması ilə bağlı sərəncam verilərkən həmin sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı qərarının tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla, o cümlədən aparılacaq tikinti-quraşdırma və ya abadlıq işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi, ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə isə ETSN ilə razılaşdırılmalıdır. Yəni, mütəxəssislər tərəfindən həmin yerdəki ağaclar təftiş olunaraq hansıların yaşının ötmüş, inkişafının dayanmış olduğu müəyyənləşdirilməli, sağlam ağaclar digər yerlərə köçürülməli, tikinti aparılacaqsa tikintinin yanında saxlanılması üçün müvafiq göstərişlər və rəylər bildirilməli idi. Əgər bu razılaşdırma prosesi olsaydı sözügedən ərazidə  bu hal baş verməzdi.

Qeyd edək ki, ETSN-nin müvafiq qurumları tərəfindən vaxtaşırı aparılan monitorinq və araşdırmalar göstərir ki, bu cür hallara tez-tez təsadüf edilir, bu da nəticədə ağacların məhv olmasına və əhalinin haqlı narazılığına gətirib çıxarır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı