Modern.az

İlham Əliyev Naxçıvanda Ordunun yeni texnika və silahlarına baxıb

İlham Əliyev Naxçıvanda Ordunun yeni texnika və silahlarına baxıb

Təhsil

7 Aprel 2014, 17:20


Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.
Azərbaycan Prezidenti Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların sərgisi ilə tanış olub.

Aprelin 7-də Prezident İlham Əliyev yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə də tanış olub.
Kompleksin muzeyi ilə tanış olan dövlət  başçısına məlumat verilib ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır. Belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir.
Diqqətə çatdırıldı ki, kompleksdəki mağarada da bərpa işləri aparılıb. Bir neçə istiqamətə, o cümlədən Naxçıvan çayına çıxışı olan mağaradan sakinlər hərbi hücumlar və mühasirələri yarmaq üçün istifadə diblər. Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçməsidir. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.
Muzey kompleksi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

 İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gənclər Mərkəzində yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlətimizin başçısı burada “Xəmsə” intellektual oyununa baxıb.

Ali Baş Komandan İlham Əliyev aprelin 7-də “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxıb.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Baş Komandan İlham Əliyevə raport verib.
Azərbaycan Prezidentinə yeni silahlar və hərbi texnika barədə məlumat verilib. Bildirilib ki, Naxçıvanda peşəkar ordunun yaradılması Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, həm də dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlıdır. Qeyd edilib ki, ötən ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan xərclər 3 milyard 730 milyon dollara çatdırılıb. Həmin il Ermənistanın dövlət büdcəsinin gəlir hissəsi isə cəmi 2,5 milyard dollar təşkil edib.
Ali Baş Komandan İlham Əliyevə Naxçıvanda təqdim olunan yeni, ən müasir standartlara uyğun hərbi texnika və silah-sursat bu danılmaz həqiqətin növbəti əyani nümunəsidir.

Azərbaycan Prezidenti aprelin 7-də Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında da iştirak edib.
Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verib ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı