
“Elm siyasəti haqqında” qanun bir həftəyə kimi Milli Məclisə qaytarıla bilər”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Qeyd edək ki, bir müddət əvvəl Modern.az-a açıqlama verən millət vəkili qanun layihəsinin maliyyə tutumlu sənəd olduğunu və bu səbəbdən də Maliyyə Nazirliyində baxıldığını bildirmişdi. Komitə sədrinin sözlərinə görə, Maliyyə Nazirliyi ilə müzakirələr bir həftəyə başa çatacaq.
“Nazirlikdə çalışanlar çox konstruktivdir, operativ işləyirlər, ölkənin maliyyə təhlükəsizliyini təmin edirlər, maliyyə vəsaitlərinin istifadəsinə ciddi nəzarət olunur. Praktikaya əsasən deyə bilərəm ki, Milli Məclisdə müzakirəyə çıxarılan hər bir qanun layihəsinin maliyyə tutumu mütləq ekspertizadan keçirilməlidir. Ona görə də Maliyyə Nazirliyi ilə mütləq müzakirələr aparılmalı idi”, – deyə Şəmsəddin Hacıyev bildirib.
Gültəkin ƏLƏSGƏR