Qəbul imtahanları yaxınlaşdıqca abituriyentlər imtahan prosesindən irəli gələn həyəcan, stress keçirirlər. Bəzən həyəcan onların imtahan nəticələrinə də mənfi təsir göstərir. Modern.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov abituriyentlərin bu psixoloji vəziyyətdən yaxa qurtarıb imtahanlarına rahat şəkildə hazırlaşıb vermələri üçün psixoloji yardım almalarını vacib sayır: “Qəbul imtahanına hazırlıq deyərkən yalnız sırf elmi cəhətdən hazırlaşmaq nəzərdə tutulur. Bununla paralel olaraq abituriyentin birmənalı şəkildə imtahana psixoloji hazırlığı deyilən bir şey var. Bu, dünyanın hər bir yerində tətbiq olunur. Azərbaycanda bu, geniş vüsət almayıb. Söhbət nədən gedir? Fikir verin, indi sınaq imtahanı oldu. Bir qisim abituriyent vardı ki, çox yaxşı hazırlaşmışdılar. Ancaq sınaqda istədiyi nəticəni ala bilmədi. Həyəcan, stress, gərginlik, sürüşdürmə, mexaniki səhvlər oldu. Bütün bunların kökündə yatan faktor məhz o psixoloji məqamlardır. Abituriyent imtahana psixoloji cəhətdən də hazır olmalıdır. Çox yaxşı olardı ki, onlar bu müddət ərzində fərdi-psixoloji seanslara qatılsınlar. Bu seanslar abituriyentlərə imkan verəcək ki, onlar öz biliklərini çox rahat bir şəkildə ortaya qoya bilsinlər. Psixoloji yardım olmadığı təqdirdə isə abituriyentlərdə narahatçılıq yaşanmağa başlayır”.
Psixoloq valideynləri də bu məsələyə diqqətli yanaşmağa səsləyir: “Bu situasiyada abituriyentlərlə yanaşı, onların valideynləri də diqqətli olmalıdırlar ki, övladlarının psixoloji dayanıqlılığını təmin etsinlər. Əgər psixoloji dayanıqlıq təmin olunarsa, abituriyent layiq olduğu balı da yığacaq”.
Misranə Həsənzadə