
Tanınmış teleaparıcı İlham Mirzəyev saxlanılıb. Aparıcı ilə eyni binada yaşayan sakinlərin mətbuata verdikləri məlumatda onun polislər tərəfindən aparıldığı vurğulanıb. Qeyd olunur ki, İlham Mirzəyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ. Mirzəyevin rəhbəri olduğu “İlhaMed” klinikasının fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanıldığı söylənilir.
Vəkil Cavanşir Süleymanov APA-a faktı təsdiqləyib. C.Süleymanov İlham Mirzəyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirib: “Məndə olan məlumata görə, hazırda idarədədir”.
Qeyd edək ki, son vaxtlar İlham Mirzəyevlə bağlı qalmaqallar səngimir. Modern.az-ın məlumatına görə, aprelin 2-də Yasamal Rayon Məhkəməsində İlham Mirzəyevin şikayəti əsasında həbs edilən Əliyev Asif Oruc oğlunun cinayət işi üzrə məhkəmə prosesinin keçirilməliydi. Amma İlham Mirzəyev prosesə getmədiyindən məhkəmə təxirə salınıb. Asif Əliyev İlham Mirzəyevə hücum etməkdə təqsirləndirilir.
Məlumatlara görə, estrasesns, falçı, həkim, psixoloq kimi tanınan İlham Mirzəyevin rəhbəri olduğu “İlhaMed” klinikasında çoxlu qanunsuzluqlara yol verilib. Onun “Tale yolları” adlı restoranının da olduğu bildirilir.
İlham Mirzəyev həm də AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, psixologiya üzrə fəlsəfə doktorudur. O, "Space"telekanalında "Etiraf" verilişinin aparıcısıdır.
Modern.az