Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bəzi millət vəkillərinin Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq icra hakimiyyəti sistemlərində qulluq etməsini, elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa ödənişli fəaliyyətlə məşğul olmasını əsas gətirərək müvafiq tədbirlərin görülməsi üçün üç dəfə MSK-ya müraciət edib.
Ədalət Partiyasından Modern.az-a verilən məlumata görə, MSK “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq ona edilmiş müraciətlərə 1 ay müddətində cavab verməli olduğu halda bu məktublara cavab verməkdən imtina edib.
Buna görə də İ.İsmayılov MSK-ya göndərdiyi üç sorğusuna cavab verilməsi üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun üzərinə öhdəliyinin qoyulması haqqında məhkəmə qərarı çıxarılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədalət Partiyasının sədrinin iddia ərizəsinə ilk baxış dünənə təyin edilsə də, məhkəmə baş tutmayıb. Məhkəmədə Ədalət Partiyasının sədrini vəkil Adil İsmayılov və Sadiq Əfəndiyev təmsil edir. Lakin MSK-nın səlahiyyətli şəxsi və ya vəkil edilmiş nümayəndəsi məhkəməyə gəlmədiyindən proses aprelin 20-dək təxirə salınıb. Hətta hakimin yazılı şəkildə MSK-ya göndərdiyi sərəncamına rəğmən bu qurum ona qarşı irəli sürülən iddialarla bağlı cavab da təqdim etməyib.
“Belə görünür ki, artıq MSK məhkəməni də saymır”-deyə Ədalət Partiyası bəyan edib.
Modern.az