
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov aprelin 16-da jurnalistlərə müsahibəsində ölkədəki dini cərəyanların fəaliyyətindən danışıb:
Modern.az-ın məlumatına görə, Əli Həsənov deyib ki, Azərbaycanda təkcə “nurçuluq”, vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də var və onlar fəaliyyətlərini gücləndirməyə cəhd göstərirlər.
”Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, postsovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur. Bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri- ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var. Dini müdaxilə, missionerlik, insanları məzhəblərə ayırmaq yolu ilə nifaq salmaq istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar”.
Bunların Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb etmədiyini söyləyən Əli Həsənov bildirib ki, əgər həmin cərəyanlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanun keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar.
”Amma bütövlükdə Azərbaycan cəmiyyəti bilməlidir ki, belə cəhdlər vardır və bu cür halların qarşısı dövlət tərəfindən alınır və alınacaqdır. Təəssüflər olsun ki, bəzi dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanun qarşısında məsuliyyət doğurur və əlbəttə ki, belə halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür”.
Modern.az