Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel Beynəlхalq Yer Günü ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ümumilikdə, qurumun 400-ə yaxın əməkdaşının iştirak etdiyi iməcilikdə həmin ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
Beynəlxalq Yer günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması kimi tədbirlər həyata keçirilib.
Xatırladaq ki, 22 aprel Beynəlxalq Yer gününun keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılmışdı.
Modern.az