Modern.az

Bədii gimnastika üzrə Azərbaycan çempionatı keçirildi - qaliblər bəlli oldu

Bədii gimnastika üzrə Azərbaycan çempionatı keçirildi - qaliblər bəlli oldu

Təhsil

19 Aprel 2014, 22:16



Aprelin 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirilib.
Yarışlarda 25 senior gimnast, həmçinin 1999-2001-ci illər təvəllüdlü idmançılar iştirak edib. Çempionata Respublika Kompleks İdman Məktəbinin və “Baku Flames” klubunun gimnastları ilə yanaşı, “Neftçi”, Bakı Gimnastika Məktəbi, “Spartak”, Şağan Olimpiya İdman Kompleksi və “Ocaq Sport Klubu”nun idmançıları da qatılıblar.
Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışıblar.

Qazaxıstan, Macarıstan və digər ölkələrdən dəvət olunmuş müsabiqədənkənar gimnastların çıxışları ilə əvvəlki birinciliklərdən fərqlənən çempionat gərgin idman mübarizəsi şəraitində keçib.

Çempionatın nəticələrinə görə, yuniorlar arasında halqa və gürzlərlə yarışda Jalə Piriyeva, top və lentlə yarışlarda isə Züleyxa İsmayılova birinci yerləri tutublar.

Yuniorlar arasında çoxnövçülük yarışları üzrə ölkə çempionatının qalibi Züleyxa İsmayılova olub.

Böyüklər arasında topla və gürzlərlə yarışlarda Marina Durunda birinci olub. Halqa ilə yarışlarda Lalə Yusifova, lentlə yarışlarda isə Gülsüm Şərifzadə qızıl medal qazanıb.
Böyüklər arasında gimnastika üzrə XXI Azərbaycan çempionatının çoxnövcülük yarışlarının qalibi isə Marina Durunda olub.

Qeyd edək ki, yarış iyunun 13-dən 15-dək keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində test turniri xarakteri daşıyıb.

Çempionatın bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın təkcə idman sahəsində potensial imkanlara malik olmasını nümayiş etdirmir. Bu, həm də Azərbaycanda idmana dövlət qayğısını əks etdirən göstəricilərdir.
 
Sonra çıxış edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib  ki, Azərbaycanda gimnastika müasir və inkişaf etmiş infrastrukturu olan ən sevimli idman növlərindən biridir.
Federasiyanın vitse-prezidenti qeyd edib ki, ölkəmizin gimnastika məktəbinin nailiyyətləri artıq dünyanın idman ictimaiyyəti tərəfindən təqdir edilir. Bütün bunlar birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından danışan A.Həsənov bildirib ki, hazırda ölkəmizdə idmançı olmaq sözün əsl mənasında şərəfli işdir. Bu, hər şeydən əvvəl bədii gimnastikada nəzərə çarpır.
Dövlət himninin səsləndirilməsindən sonra ölkə çempionatı bağlı elan olunub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı