Bu günlərdə Moldova Respublikasının Kişinyov şəhərində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının dəstəyi ilə Moldova Milli Sosial Sığorta Kassasının təşkil etdiyi “Pensiya islahatları: beynəlxalq təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, həmin konfransda Beynəlxalq Sosial Təminat Assosiasiyası və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının, həmçinin Polşa, Rumıniya, MDB və Baltikyanı ölkələrin pensiya və sosial təminat qurumlarının nümayəndələri iştirak edib. Konfrans pensiya islahatları sahəsində əldə edilmiş nailiyyətlərin öyrənilməsi və əhalinin layiqli həyat səviyyəsini təmin edən müasir və effektiv pensiya sisteminin tətbiqi ilə bağlı beynəlxalq təcrübə mübadiləsi məqsədilə təşkil edilib.
Qeyd edək ki, həmin konfransda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunu Fondun Aparatının Əmək pensiyaları şöbəsinin müdir müavini Dürdanə Müslümova və həmin şöbənin baş məsləhətçisi Fuad Kərimov təmsil ediblər. Onların “Azərbaycanda pensiya islahatı” mövzusundakı təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Modern.az