
Bu gün SSRİ-nin qurucusu Vladimir İliç Leninin doğum günüdür. Vaxtilə Leninin heykəlləri Sovet İttifaqına daxil olan bütün müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda da var idi. Lakin SSRİ dağıldıqdan sonra həmin abidələr dağıdıldı. Azərbaycanda isə bu gün Leninin bircə heykəli belə qalmayıb. Bəs Leninin heykəlinin yenidən qoyulması istiqamətində təşəbbüslə çıxış etmək olarmı?
“Leninin heykəllərinin tamamilə yığışdırılması heç də yaxşı hal deyil”
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov bildirib ki, postsovet məkanındakı bəzi ölkələrdə Leninin abidələri qalır. Onun sözlərinə görə, Azərbaycanda Leninin heykəllərinin tamamilə yığışdırılması heç də yaxşı hal deyil. Azərbaycan kommunistlərinin rəhbəri həmin heykəllərin taleyi ilə bağlı da suallara cavab verib.
“Mən dəfələrlə Leninin və digər kommunistlərin heykəllərinin yerini müəyyənləşdirməyə cəhd etmişəm. Amma axtarışımın nəticələri olmayıb. Məndə olan məlumata görə, Leninin abidələri və digər Azərbaycan kommunistlərinin heykəlləri respublikanın hansısa bölgəsində saxlanılır. Amma mən dəqiq ünvanı bilmirəm”.
R. Qurbanov vurğulayıb ki, həmin heykəllər dağıdılmayıb. AKP sədri Leninin heykəlinin yenidən bərpası və Azərbaycanda ucaldılmasının arzusunda olduğunu da gizlətməyib.
“Bu məsələ ilə bağlı bu vaxta qədər təşəbbüslə çıxış etməmişik. Belə bir təşəbbüslə çıxış etməyə Azərbaycan kommunistlərinin istəyi var. Azərbaycan Sovet sosializmi dövründə yaşayıb. Sosializm sisteminin də əsas sütunlarından biri Vladimir Lenin olub. Biz tariximizin üstündən xətt çəkməli deyilik”.
“Hakimiyyət həmin şəxslərin xatirəsinin əbədiləşdirilməsinə özü rəvac verməlidir”
AKP sədrinin sözlərinə görə, Azərbaycanın tarixində mühüm rol oynamış şəxsiyyətlərin hamısının abidələri Bakıda və digər regionlarda ucaldılmalıdır.
“Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Mir Cəfər Bağırov, Məşədi Əzizbəyov və s. şəxslərin də heykəlləri ucaldılmalıdır. Onlar bizim canlı tariximiz olub. Onların abidələrini qoymamaqla və ya götürməklə həmin insanları tarixin lənətinə çevirmək mümkün deyil. Azərbaycan hakimiyyəti həmin şəxslərin xatirəsinin əbədiləşdirilməsinə özü rəvac verməlidir. Azərbaycan kommunistlərinin birmənalı fikri və arzusu odur ki, Leninin abidəsi bərpa olunsun. Gələcəkdə Azərbaycan Kommunist Partiyası olaraq dövlət qarşısında bu məsələni qaldıracağıq”.
“Evimdə Kuba səfirinin mənə bağışladığı Leninin büstünü saxlayıram”
AKP sədri öz evində Leninin xatirəsini əbədi saxlamaq üçün onun kiçik büstünü qoyduğunu da bildirib.
“Evimdə Leninin Moskvadan aldığım büstü var. Bununla yanaşı, Kuba Xarici İşlər Nazirliyinin xətti ilə mənə Kuba səfiri Leninin tuncdan büstünü bağışlayıb”.
Aqşin Kərimov