“Mən sınaq imtahanının suallarına baxmamışam. O haqda məlumatım yoxdur. Amma hər halda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) hər bir fənn üzrə, hər bir ixtisas üzrə ekspertlər işləyir. Onlar həm sınaq imtahanı, həm də qəbul imtahanının suallarına baxıb seçim edirlər”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.
K. Əliyevanın sözlərinə görə, suallar daha konkret olmalıdır: “Sınaqdakı sualların hamısı asan, ya çətin ola bilməz. Məsələn, 25 sualdırsa, onun çox hissəsi də orta səviyyədə olur. Bir pedaqoq kimi demək istərdim ki, suallar mübahisə doğurmamalı, daha konkret olmalıdır. Bəzən elə suallar olur ki, iki cavabın arasında qalırsan. Sualda fikir aydınlığı olmalı, həm də məktəb proqramından kənara çıxmamalıdır. İndi bilirsiz ki, repititorlar yanında da hazırlaşırlar. Amma hamının imkanı yoxdur, və yaxud hamı mütləq deyil ki, gedib repititor yanında hazırlaşsın. Əgər məktəb proqramı çərçivəsində verilən sualdırsa, bəli, abituriyentdən tələb budur ki, onu bilsin. Çünki o, dərslikdə var. Ancaq istər sınaq, istərsə də qəbul imtahanlarına proqramdan kənar suallar daxil olmamalıdır”.
Qeyd edək ki, TQDK ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün artıq 4 sınaq imtahanı keçirib.
Misranə Həsənzadə