Modern.az

Azərbaycan Mətbuat Muzeyi yaradılması – Baş redaktordan deputata dəstək gəldi

Azərbaycan Mətbuat Muzeyi yaradılması – Baş redaktordan deputata dəstək gəldi

Təhsil

3 May 2014, 10:16

“Azərbaycanda Mətbuat Muzeyinin yaradılması təklifi dəstəklənəcək və yüksək səviyyədə qəbul olunacaq bir təklifdir. Zaman-zaman bu məsələlər gündəmə gəlmişdi ki, Azərbaycanda da Mətbuat Muzeyi yaradılsın. Ancaq indi bununla bağlı belə bir təklifin Mətbuat Şurasında müzakirəyə çıxarılması müsbət bir hadisədir. Mən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, millət vəkili Cavanşir Feyziyevin bununla bağlı təklifini çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, belə bir fəaliyyət planı olarsa, bu muzeyin qurulması ilə bağlı ciddi işlər həyata keçirilərsə, son nəticədə bu muzey yaradılarsa, çox müsbət bir iş olar. Bu Mətbuat Şurasının görəcəyi ən böyük işlərdən biri hesab oluna bilər”.

Bunu Modern.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyevin Azərbaycanda Mətbuat Muzeyinin yaradılması təklifinə münasibət bildirərkən deyib. O bildirib ki, bu muzeyin yaradılması tez başa gələn proses deyil: “Cavanşir Feyziyev onu da bildirib ki, Türk Mətbuat Muzeyi yaradılsın. Onun fikirlərini çox yüksək dəyərləndiririk. Sadəcə, bir məsələ var ki, Azərbaycanda Azərbaycan Mətbuat Muzeyi yaradılsa, daha yaxşı olar. Çünki Türkiyənin özündə Türk Mətbuat Tarixi Muzeyi var. İstanbulda fəaliyyət göstərir. Bu yaxınlarda biz Türkiyədə olanda Mətbuat Şurasının sədri Əflatun Amaşov da, mən də o muzeyə baş çəkdik. Tarixi binada yerləşir və orada Türkiyə mətbuatına aid arxiv materialları, köhnə qəzetlər saxlanılır. Azərbaycanda da belə bir muzey - Azərbaycan Mətbuatı Tarixi Muzeyinin yaradılması çox müsbət olardı. Bu muzeyin yaradılması ilə bağlı işlər görülməlidir. Yəni bu bir ayın, beş ayın işi deyil. O muzeyin eksponatları maraq doğurmalı, ən əsası  “Əkinçi” dən üzü bəri mühacirət mətbuatı tarixi daxil olmaqla bütün mətbuat nümunələrimizin orijinal nüsxələri tapılmalı, gətirilməlidir.

Eyni zamanda muzeydə mətbuatın inkişafında müstəsna xidməti olan insanlarla bağlı müxtəlif stendlər olmalıdır. Bunun üçün köhnə qəzetlərin, dərgilərin axtarılıb tapılmasına çox ciddi ehtiyac var. Bu bir günün, iki günün içərisində əldə olunası məsələ deyil. Bizim köhnə mətbuat tarixinə aid nümunələr indi çox azdır. Onlar ancaq Azərbaycan Milli Kitabxanasında, Mərkəzi Dövlət Tarixi Arxivində və Prezident Administrasiyası siyasi sənədlər arxivində saxlanılır. Axtarış aparılmalıdır. Ciddi dəstək lazımdır ki, bu işlər həyata keçirilsin”.

 

Misranə Həsənzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı