“Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyələrin bir neçəsinin birləşmə prosesi gedəcək”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyib. “Hazırda Azərbaycanda mövcud olan bələdiyyələrin bir neçə il bundan əvvəl də birləşməsi həyata keçirilib. Böyük şəhər bələdiyyələrinin yaradılmasına gəlincə, Əgər biz Bakıda İstanbulda olduğu kimi böyük şəhər bələdiyyəsi yaratsaq, həmin bələdiyyə bütün cari məsələləri həll edə biləcəkmi?! Mənə elə gəlir ki, hazırda böyük bələdiyyələrin yaradılması məqbul deyil. Keçən il İstanbul bələdiyyəsinin iş təcrübəsi ilə tanış olduq. Şəhərin bütün nəqliyyatını demək olar ki, İstanbul şəhər bələdiyyəsi həyata keçirir. O, zamanla formalaşıb. Yəni İstanbul bələdiyyəsində ola təcrübə yoxdur. Bunlara tədricən keçmək lazımdır. Bunun üçün bələdiyyələrə müəyyən səlahiyyətlər verilməli və bu səlahiyyətlər artırılmalıdır. Yoxsa xaos yaranacaq”.
Tahir Rzayev bildirib ki, bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərlə bağlı beynəlxalq təşkilatlar da təkliflər verilə bilər. “Sözsüz ki, böyük şəhər bələdiyyələrinin yaradılması haqqında bütün ideyalar qanunvericiliklə nizamlanmalı və qanunvericilik qəbul edilməlidir”.
Namidə BİNGÖL