Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ulu öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilə kimi müddətdə Respublikamızın inkişafı üçün göstərdiyi dəyərli töhfələrdən danışıb:” Müstəqil Azərbaycanın qurucusu, ölkənin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı və rəhbəri kimi Heydər Əliyev ölkəmizin dünyada tanınmasında müstəsna xidmətləri olub. Heydər Əliyev Azərbaycanın indiki inkişafının məhz Heydər Əliyevin irəli sürdüyü və İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının uğurları hesabına mümkün olub”.
Yeni Azərbaycan Partiyasının İcraçı Katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da tədbirdə iştirak edib:”Heydər Əliyev fenomeni Azərbaycan, keçmiş Sovetlər İttifaqı və dünya miqyasında qəbul edilib, 1969-1983-cü illərdə ulu öndərin rəhbərliyi altında Azərbaycan Respublikasının iqtisadi inkişafında böyük uğurlar əldə edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sovetlər İttifaqının rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyinə qarşı həmişə cəsarətlə etiraz səsini ucaldıb və xalqın ağır günlərində 1993-cü ildə yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanmasının qarşısını alıb”.
Yeni Azərbaycan Partiyasının rəhbəri kimi də ulu öndərin gördüyü işlərdən danışan millət vəkili bildirib ki, uzun perspektivdə ölkənin strateji inkişaf yolunu müəyyən etdi və Azərbaycanın haqq sözünün dünyaya çatdırılmasında, ölkənin dünya siyasətində və iqtisadiyyatında rolunun ildən ilə artmasında müstəsna rolu oldu.
Bu günki Azərbaycanın təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan millət vəkili bu əfsanəvi şəxsiyyətin dünya siyasətçiləri sırasında özünə məxsus yer tutduğunu və Azərbaycan xalqının ulu öndərin xatərəsinə həmişə xüsusi ehtiram bəslənildiyini qeyd edib.
Tədbirdə Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Sonda Elmar Qasımov gəncləri Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşərək dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməyə çağırıb.
