Əhalini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsi məqsədi ilə Dövlət Yanğın Nəzarəti Xidməti növbəti tədbirini Qəbələ rayon İşra Hakimiyyətində keçirib.
Qəbələ rayon İşra Hakimiyyətində "İnzibati binaların yanğın təhlükəsizliyi" mövzusunda keçirilən seminarda qeyd olunub ki, hər bir inzibati binada müəssisə rəhbəri tərəfindən xüsusi əmrlə ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin edilməli, onlar yanğın təhlükəsizliyi qaydalarının tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.
Seminarda bildirilib ki, hər bir inzibati binada yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməli, binanın bir mərtəbəsində eyni zamanda 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün «Köçürmə» planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır.
Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, idarə, müəssisə, təşkilatın bütün əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq inzibati binalarda yanğına qarşı rejimin bütün tələblərinə riayət etməlidirlər.
Hər bir inzibati binanın ərazisinin saxlanılmasında yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi əməl olunması seminarda xüsusilə vurğulanıb, bütün inzibati binalara və onlara məxsus qurğulara sərbəst yaxınlaşmanın təmin edilməsinin, yanğına qarşı su mənbələrinin, çöl (xarici) yanğın nərdivanlarının, bina və tikililərin girişlərinin tez tapılması üçün müəssisələrin, bazaların, anbarların və digər obyektlərin əraziləri gecə vaxtı işıqlandırılmasının zəruriliyi haqqında söhbət açılıb və bildirilib ki, inzibati binaların ərazilərindəki açıq meydança və həyətlərdə asan alışan və yanar maye olan qabları, həmçinin sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonları saxlamağa icazə verilmir.
Qəbələ rayon İşra Hakimiyyətində keçirilən tədbirdə seminar iştiakçılarına inzibati binalarda yanğın təhlükəsizliyinin təmin olunması üçün kütləvi tədbirlər keçirlən zaman yanğın təhlükəsizliyi tədbirləri, elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri, yanğına qarşı su təchizatı, yanğın siqnalizasiyası və yanğınsöndürmə qurğuları, tüstüyə qarşı müdafiə sistemləri haqqında ətraflı məlumat verilib, bütün inzibati binalar müvafiq normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi məsələsi xüsusi olaraq vurğulanıb.
Seminarda yanğınların statistikası və təhlilinə istinad edilərək yanğınların baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilib və ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı məlumat verilib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, inzibati müəssisədə baş verən yanğın zamanı hər bir əməkdaş yanğının və ya yanmanın əlamətlərini aşkar etdikdə dərhal telefonla dövlət yanğından mühafizə orqanına xəbər verməli, imkan daxilində insanların köçürülməsi, yanğının söndürülməsi və əmlakın oddan qorunması üçün zəruri tədbirləri görməlidir.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr olunmuş "İnzibati binaların yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçasının nüsxələri yanğına qarşı təbliğat xarakterli işlərin həyata keçirilməsində metodik vəsait kimi istifadə olunması üçün Qəbələ rayon İşra Hakimiyyətinə təqdim olunub.

Hikmət Xudiyev,
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki