
Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov Şərqi Ukraynada separatçıların tərəfində çeçen döyüşçülərinin iştirak etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Açıq məktubunda Kadırov bu məlumatları şayiə adlandırıb və çeçenlərin Ukraynada döyüşmədiyini vurğulayıb. “Ukraynada heç bir çeçen batalyonu yoxdur. Slavyanska hücumlarda Kiyev xuntası çeçen batalyonlarının olduğunu deyir. Bu absurddur!”. Məktubun başqa yerində Kadırov Ukrayna daxili işlər naziri Arsen Avakova müraciət edir. Onun sözlərinə görə, çeçen batalyonlarının Ukraynaya gələcəyi təqdirdə Kiyevi də almaq qabiliyyətindədirlər. “Çeçenistanda on minlərlə könüllü var ki, Slavyanskda dinc sakinlərin qanını tökən faşistlərə qarşı vuruşmağa hazırdır. Və əgər çeçenlər Slavyanska və digər şəhərlərə daxil olsalar, siz görəcəksiniz ki, Avakov və onun kimi bir çoxu necə qaçacaq. Onlar heç Qərbi Ukraynanın sərhəddində belə dayana bilməyəcəklər”.
Vüqar İsmayılov