Modern.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının reallaşdırdığı “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin Kütləvi İnformasiya Vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda layihə çərçivəsində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Azərbaycan beynəlxalq münasibətlər sistemində” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu müsabiqənin ikinci mərhələsidir, bundan sonra keçiriləcək üçüncü mərhələ daha əsas götürüləcək. “Əsas meyar kimi jurnalistlərin xarici dil bilgilərinə üstünlük veriləcək. Üçüncü mərhələdə qalib gələcək jurnalistlər Türkiyə ilə yanaşı, Avropa ölkələrində müxtəlif qəzetlərdə təcrübəyə göndəriləcək”. Ə. Amaşov əlavə edib ki, “Azərbaycan beynəlxalq münasibətlər sistemində” müsabiqəsi 60-a yaxın yazı təqdim olunub. “Həvəsləndirici mükafatların sayı 21-dir. 4 müxtəlif bölgə mətbuatlarından da yazılar göndərilib ki, biz həmin yazıları da təhlil etmişik”. Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətini üzvü Cavanşir Feyziyev müsabiqə ətrafında keçirilən monitorinqlərdən danışaraq bildirib ki, monitorinqlər müxtəlif qəzet və agentliklərdə beynəlxalq mövzuda yayımlanan yazılarla bağlı olub. Tədbirin sonunda qalib jurnalistlərə mükafatlar təqdim olunub.



Rafiq Qənbərov