“Şuşanın işğalından sonra da Şuşa teatrı öz fəaliyyətini dayandırmayıb”. Bunu Modern.az-a açıqlamasında Şuşa Musiqili Dövlət Dram Teatrının rəhbəri, əməkdar artist Yadigar Muradov deyib. Onun sözlərinə görə, hazırda keçmiş “Savalan” kinoteatrında məskunlaşmış teatrın əvvəllər 90 nəfərdən ibarət truppasında 80 nəfər var.
“Onların arasında “xalq artisti” adını alan olmasa da, “əməkdar artistlər”imiz çoxdur. Məsələn, Şükufə Musayeva, Azad Məmmədov, baş rejissorumuz Loğman Kərimov”.
Y.Muradovun sözlərinə görə, teatrın durumu qaneedici deyil. “Çünki “Savalan”kinoteatrının binası teatr üçün yaramır. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə həmin kinoteatr ləğv olunub, bina Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib. Nazirlik də öz növbəsində binanı Şuşa Teatrına bağışlayıb. Hazırda teatrın binasının təmir edilməsi üçün dövlət tərəfindən vəsait ayrılıb və bu günlərdə təmirə start veriləcək. Təmir müddətində nazirlik müəyyən etdiyi binada müvəqqəti olaraq yerləşəcəyik”.
Y. Muradov bildirib ki, “Azərsun Holdinq” şirkəti Şuşa Teatrını himayəyə götürüb. “Əksərən onların mədəniyyət mərkəzində tamaşalar oynayırıq. Yer problemimiz olduğundan çox tamaşalar oynaya bilmirik. Nazirliyin əmrinə əsasən, Bakı şəhərindəki teatrlarda, onların boş vaxtlarında məşq edə və tamaşalarımızı oynaya bilirik. Hazırda yerləşdiyimiz bina sökülüb, sırf teatr üçün yenidən qurulacaq. Layihə özü çox möhtəşəmdir. Bizimlə bərabər İrəvan teatrının binası da təmir olunacaq”.
Teatr rəhbərinin sözlərinə görə, aktyorların sosial dəstəyə də ehtiyacı var. “İşğaldan sonra Gənc Tamaşaçılar teatrının binasında məskunlaşmışdıq. Elə həmin ildən 2005-ci ilə qədər qalmağa yeri olmayan aktyor Müşfiq Mehdiyev orada yaşadı. Sonra Bəxtiyar Vahabzadə onun haqqında mətbuatdan xəbər tutdu və o zaman Prezident yanında İdarəçilik Akademiyasının yataqxanasından ona yer aldı. Oğlan ailə qurdu, övladı da oldu, bu günə qədər də orada yaşayır. Lakin artıq Şuşa Teatrında çalışmır”.
Gülşən Raufqızı