Modern.az-ın məlumatına görə, bu gün Təhsil Nazirliyi tərəfindən qanvermə aksiyası keçirilib. 8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə təşkil edilmiş xeyriyyə aksiyasında nazirliyin əməkdaşları fəal iştirak ediblər.
Qanvermə aksiyası Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaq. Təhsil Nazirliyi gələcəkdə də müvafiq xeyriyyə tədbirlərində fəal iştirak etməyi nəzərdə tutur.