
“Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzi Şuşanın işğal olunması gününü qeyd etmək fikrindədir. “Şuşanın azadlığı günü” adı altında mayın 9-a nəzərdə tutulan tədbir Azərbaycanla Gürcüstan arasında tarixi köklərə, ortaq iqtisadi və geosiyasi maraqlara söykənən strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş növbəti təxribatdır”.
Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Komitə sədrinin sözlərinə görə, erməni icmasının 9 may Qələbə günü adı altında belə bir tədbir təşkil etməsinin əsl məqsədi iki ölkə arasında gərginlik yaratmaqdır.
“Gürcüstanın paytaxtında Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı gününün bayram kimi qeyd edilməsinə şərait yaradılması heç bir halda təqdir oluna bilməz. Xüsusilə də ona görə ki, Gürcüstan özü də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir. Ölkələrimizin müstəqillik tarixi ərzində Azərbaycan dəfələrlə ən çətin vaxtlarında Gürcüstanın yanında olub, strateji tərəfdaşlığa xələl gətirəcək heç bir addım atmayıb. Eyni münasibəti qarşı tərəfdən də gözləməyə haqqımız çatır. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmasını da olduqca məyus edib və onlar da öz münasibətlərini bildiriblər. Biz də məsələ ilə bağlı narahatlığımızı Gürcüstanın müvafiq dövlət orqanlarının rəhbərlərinə çatdırmışıq. İnanırıq ki, Gürcüstan tərəfi bu narahatlığımızı başa düşəcək və nəzərə alacaqdır”, – deyə Nazim İbrahimov bildirib.
Gültəkin Ələsgər