Bunu Modern.az-a politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya səfərinin perspektivini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, bu cür açıqlamalar mühüm əhəmiyyətə malikdir. Məsələlərin “Madrid prinsipləri”ndə də öz əksini tapdığını bildirən politoloq indiki proseslər nəticəsində bunun daha da aktuallaşdığını qeyd edib.
Onun fikrincə, Bakıda 7 rayonun geri qaytarılması və Laçın dəhlizi üzərində Azərbaycan hakimiyyətinin nəzarətini bərqərar edilməsi şərti ilə Dağlıq Qarabağa keçici statusun verilməsi məsələsi müzakirə oluna bilər: “Azərbaycanın işğal altındakı rayonlarında Suriyadan gələn ermənilər məskunlaşdırılır. Bütün bunları nəzərə alaraq söyləmək mümkündür ki, həmsədrlərin üzərinə çox böyük vəzifələr düşür. Həmsədrlər, sadəcə vasitəçilik missiyası yerinə yetirməklə proseslərin axara düşəcəklərinə əmin ola bilməzlər. Onlar işğalçı dövlət Ermənistandan nəyisə tələb etməyi də bacarmalıdırlar”.
Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli bəyanatlar səsləndirdiyini xatırladan Q. Hüseynli sonradan onun mövqeyində dəyişiklik olduğunu bildirib. Analitik hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağa dair müəyyən korrektləri Uorlikə də təsirsiz ötüşməyib: “Bundan sonra ABŞ 7 rayonun qaytarılmasını tələb etdi və bu Ermənistanda panik bir əhval-ruhiyyə yaratdı. Minsk Qrupunun digər həmsədr ölkəsi Fransada Qarabağ problemində müəyyən tərəddüdlər var. Amma buna baxmayaraq o da bölgədə mövcud vəziyyətin dəyişməsində və sülhün yaranmasında maraqlıdır. Digər həmsədr dövlət Rusiyanın isə mövqeyində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan tərəfi müəyyən diplomatik danışıqlar aparır. Ancaq Rusiya və ermənilərin əhval-ruhiyyəsini tam dəyişdirmək və bu dəyişikliklər zəminində sülhyaratma prosesinə vüsət vermək zamanı hələ yetişməyib. Lakin bu prosesin faydalılıq əmsalını artırmaq üçün ilkin iqtisadi, siyasi şərtlər var”.
Qeyd edək ki, Minsk Qrupunun həmsədrlər may ayının 16-dan Ermənistandan başlayaraq regiona səfərə gəliblər. Bu gün diplomatlar Bakıya gələcəklər.
Aqşin Kərimov