Türkiyə baş nazirinin müavini Bülənt Arınç Rəcəb Tayyib Ərdoğanın vətəndaşa yumruq atması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, B. Arınç nazirlər kabineti iclasından sonra jurnalistlərə verdiyi açıqlamada baş nazir R. T. Ərdoğanın vətəndaşa qarşı kobud davranmadığını vurğulayıb. Bununla yanaşı iqtidar təmsilçisi baş nazirin müşaviri Yusuf Yerkelin vətəndaşı təpikləməsinə görə onu tənqid edib. “Bu çox faciəvi bir hadisədir. Onu müdafiə edəsi deyiləm”,-deyə hökumət rəsmisi söyləyib.
Baş nazirin müavini hökumətin Soma faciəsində həlak olanlara şəhid statusunun verilməsi haqqında qərar çıxarmadığını da bildirib.
Xatırladaq ki, baş nazirin müşaviri Yusuf Yerkelin yerə yıxılan etirazçını təpiklə vurması fotolarda öz əksini tapmışdı.
Qeyd edək ki, Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində olan kömür mədənində baş verən faciə ilə bağlı R. T. Ərdoğan sözügedən bölgəyə səfər etmişdi. Baş nazirin ona etiraz edən vətəndaşı yumruqla vurması iddia olunurdu.
Modern.az