“Bu monitorinqin aparılması çox yaxşıdır. Belə işlər həyata keçirilməlidir. Daim Qarabağ barədə düşünmək, bu mövzuda belə monitorinqlər keçirtmək lazımdır. Təbii ki, saxta yazarları aradan çıxartmaq lazımdır. Çünki bu mövzuya ciddi saytlar, ciddi analitiklər, ciddi yazarlar, ciddi jurnalistlər öz mövqeyini açıqlamalıdır”.
Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mətbuatda yer alan yazıların monitorinqinin aparılmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, bu monitorinqi mütəmadi olaraq Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yaratdığı monitorinq qrupu aparır.
R. Rzayevin sözlərinə görə, Qarabağla bağlı yazılara hər zaman geniş yer verilməlidir:
“Bu işi yaxşı qiymətləndirirəm, müsbətdir. Bizim mətbuatda həmişə istər Qarabağla, istər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, vacib məsələlərlə bağlı yazılar geniş yer almalıdır”.
Misranə Həsənzadə