“Maliyyə vəziyyətimiz çox gərgindir. Qəzet başlıca gəlir mənbələrindən məhrum edilib. Metroda qəzet satışı qadağan edildi. KİV-ə Dövlət Dəstəyi Fondu da bizimlə əməkdaşlardan imtina edib. Bu gün saat 14:00-da ictimaiyyət nümayəndələrinin iştirakı ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisində Mətbuat konfransı keçiriləcək. Konfransda bu məsələlər müzakirə ediləcək, ictimaiyyətə müraciət olunacaq. Başlıca gəlir mənbələrindən məhrum edilmiş, son iki ayda əməkdaşlarına maaş verə bilməyən qəzetin ictimaiyyətin dəstəyi olmadan problemi həll etməsi mümkünsüz görünür. Bu gün bizim baş redaktor da oxuculara müraciət edib”.
Bunu Modern.az-a açıqlamasında “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib.
Qeyd edək ki, “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinə iyun ayının 1-nə qədər vaxt verib. Həmin vaxta qədər “Azadlıq”ın Nəşriyyata olan borcu ödənməsə, qəzetin çapı dayandırılacaq. Nəşriyyatın bildirdiyinə görə, bağlanmış müqavilələrə əsasən, 20.05.2014-cü il tarixinədək redaksiyanın nəşriyyata çap xərclərinə görə 17018.00 manat, kommunal xəclərinə görə 982.00 manat, cəmi isə 18000.00 manat debitor borcu yaranıb.
Misranə Həsənzadə