"Rusiya əleyhinə təbliğatı əslində Bakıdakı diplomatik dairələr aparır"
“Azərbaycanın qanunvericilik sistemində həyata keçirilən dəyişikliklər heç bir halda xüsusi bir qorxudan və dövlətin üzərinə gələn daha böyük təhlükələrin olduğunu bəyan etməkdən irəli gəlmir. “Milli Təhlükəsizlik konsepsiyası”, eyni adlı qanun və hərbi doktrinada təhlükəsizlik şəraitinin tez dəyişməsi göstərilir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.
Komitə üzvü ölkə mediasında Rusiyanın Azərbaycana təzyiqlər edəcəyi, ərazi təxribatları törədəcəyi barədə əks olunan informasiyaları da bu qəbildən hesab edir. Deputat qeyd edib ki, Rusiya əleyhinə olan tezislər ayrı-ayrı diplomatik mətbəx məlumatlarının ortaya atdığı oyundur. “Guya Rusiya qoşunlarının Tovuzdan keçərək ərazilərimizə daxil olacağı, daha sonra Qarabağda hansısa planlarının mövcud olması və bu ərazilərin Rusiyanın təsiri altına düşəcəyi ilə bağlı iddialar səslənir. Bu, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların işləri və əməlləri ilə bağlıdır. Diplomatik qurumların hər birinin tərkibində milli təhlükəsizlik məsələlərinə aid olan şəxslər var. Onlar gündəlik raportlar hazırlayırlar. Onların hazırladıqları hesabatlar diplomatik sənədlər kimi ifadə olunur və müxtəlif qriflər altında onlar kodlaşdırılır, öz ölkələrinə təqdim olunur. Heç kəs buna qarşı çıxmır. Lakin son dövrlər Rusiya əleyhinə beynəlxalq koalisiyaların formalaşması fonunda Azərbaycanı öz tərəfinə cəlb etmək, bizim ölkəmizi Rusiyadan qoparmaq üçün cəmiyyətə xof yaradan xəbərlər verirlər. Ayrı-ayrı diplomatların müsahibələrindən həmin tezisləri görəndə, bunları sezmək lazımdır. Onlar gündəlik informasiya məkanımıza hansı məlumatları yeritmək lazımdırsa, onun mənbələrini çox uğurla tapıb istəklərini həyata keçirirlər. Onlar informasiya generalları ilə gündəlik işləyirlər. Biz bu kodları açaraq onları aşkara çıxarmalıyıq. Qərb dövlətlərinin Qarabağ məsələsində müəyyən bir “fəallığı” özünü göstərir. Onlar qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması adı altında böyük regional oyun aparırlar. Qərb Azərbaycanın milli maraqlarından istifadə edərək ölkəmizi Rusiyadan qoparmaq və cəmiyyətin qəlbinə girməklə , ölkəmizin iqtisadi-siyasi imkanlarını ələ keçirməyi qarşısına məqsəd qoyub. Onlar Azərbaycanı özlərinə xidmət edən bir ölkəyə çevirməyə çalışırlar”.
Z. Oruc Qırmızı Xaç Cəmiyyəti haqqında səsləndirdiyi fikirlərin erməni mediasında geniş tirajlanmasının xüsusi məqsəd daşıdığını bildirib. "Paranoya əslində məhz Ermənistanda hökm sürür. Çünki onlar illərlə Azərbaycan insanlarını əsir və girov kimi əllərində təzyiq aləti olaraq saxlamaqda davam edirlər.Menim bəyanatım qətiyyən bu qurumun Bakı bürosu və ya onunla vahid bir hərəkatların birləşən Qızıl Aypara Cəmiyyətinə qarşı yönəlməmişdi. Əksinə həmin təşkilatlar öten illər ərzində son dərəcə ağır şəraitdə minlərlə insanımıza kömək edərək Ermənistanın insanlıq əleyhinə cinayətlərinə qarşı dirəniş göstərə, əsirlərin azad edilməsi kimi müqəddəs bir missiyaya xidmət edirlər. Ona görə ermənilər mənim bəyanatımdan istifadə etməklə əslində əsirlərin üzərindəki təcrübi laboratoriyaları dünyadan və beynəlxalq nəzarətdən gizlənməyə çalışır. Heç kəs cəmiyyəti casus yuvası, kəşfiyyat şəbəkəsi və hansısa simvollar altında gizlənmiş diversiya qrupu kimi ittiham etməyib. Onlar müharibənin bitmədiyi bir şəraitdə öz işlərini uğurla davam etdirməkdədir və hamı bunu təqdir edir.
Qızıl Aypara Cəmiyyətinin rəhbəri bizim həmkarımızdır. Dəyərli və son dərəcə istedadlı bir insandır. Novrus müəllimin rəhbərlik etdiyi təşkilat bu illər ərzində 10 minlərlə insanın yanında olaraq nəcib bir humanitar fəaliyyət gerçəkləşdirir. Ona görə də söylədiyim fikirləri müxtəlif ünvanlara yönəltmək gərək deyil".
Deputat bildirib ki, Human Rihgts Watch, Sərhədsiz Reportyorlar Birliyi, “Artikl 19” və s beynəlxalq QHT-lərin tərkibində müxtəlif ölkələrin əleyhinə yönələn təsir qrupları formalaşıb. “Onlar geniş bir miqyasda fəaliyyət aparırlar. Ermənistan da bundan istifadə edir”.
Qeyd edək ki, Z. Oruc Cinayət Məcəlləsinə dəyişiklik edilməsini şərh edərkən işlətdiyi ifadələr Qırmızı Xaç Cəmiyyətinə qarşı yönəlib.
Erməni mediası deputatın açıqlamasını Qırmızı Xaç Komitəsinin əleyhinə propapaqanda alətinə çevirib.
Aqşin Kərimov