Azərbaycanda əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə prezident İlham Əliyevin 2014-cü il mayın 7-də imzaladığı fərmanla prezident yanında Bilik Fondu yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oqtay Səmədov prezidentin digər sərəncamı ilə fondun icraçı direktoru təyin edilib.
Qeyd edək ki, AMEA-nın prezidenti və fondun icraçı direktorunun da daxil olduğu 9 nəfərdən ibarət Himayəçilik Şurasının digər 7 üzvü də prezident İlham Əliyevin iyulun 18-də imzaladığı sərəncamla təsdiq olunub. Sərəncama əsasən, Kamal Abdullayev, Urxan Ələkbərov, Əhliman Əmiraslanov, Sabir Həsənli, Azərpaşa Nemətov, Sahibə Qafarova, Mübariz Qurbanlı 4 il müddətində Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərəcəklər.Bilik Fondunun Himayədarlar Şurasına daxil olan akademik və deputatlar ziyalı elektorata tanışdır. İcraçı direktoru fəlsəfə doktoru Oqtay Səmədov isə həmkarlarına nisbətən o qədər də tanınan sima deyil.
Modern.az onun haqqında qısa arayışı təqdim edir: Oqtay Səmədov indiki Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra rayonların birində orta məktəbdə rus dili müəllimi işləyib. 1981-84-cü illərdə SSRİ Milli Elmlər Akademiyasının aspiranturasının bitirən Səmədov Bakı Slavyan Universitetinin prorektorudur.
Elmin Nuri