
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 6-da saat 18:30-da Komissiyanın internet saytında yerləşdirib (//eservices.tqdk.gov.az/netbakmus1/PageParol.aspx?frm=egov ).
Abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı mobil telefonla da öyrənə bilərlər. Bunun üçün abituriyentlərin öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 7-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edib, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb.
Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
TQDK-dan Modern.az-a bildirilib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 35995 abituriyent iştirak edib. Onlardan 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Qəbul olmuş abituriyentlərdən 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.
Modern.az