
Bu günlərdə jurnalist Eldəniz Elgün mətbuatla ordu münasibətlərinin tənzimlənməsi ilə bağlı təkliflərlə çıxış edərək 7 bəndlik təkliflər paketini media vasitəsi ilə Müdafiə Nazirliyinə təqdim etmişdi. Nazirlik Eldəniz Elgünə artıq cavab verib. Jurnalist Modern.az-a bildirdi ki, təkliflərə Müdafiə Nazirliyindən müsbət reaksiya gəlib:
"Sevindirici haldır ki, hadisələrə həssas yanaşan Müdafiə Nazirliyi təqdim etdiyim təkliflərə də dərhal reaksiya verdilər. Nazirlikdən verilən reaksiya müsbət oldu və fikir mübadiləsi apardıq. Məsələyə peşəkar mövqe sərgiləyən nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı bu gün ordu və mətbuat münasibətlərinin tənzimlənməsi üçün lazımi addımların atıldığını bildirdi və bunun nəticələrini yaxın günlərdə görəcəyik. Çox sevindirici haldır ki, bu gün Müdafiə Nazirliyi belə məsələlərə peşəkarlıqla yanaşır və inanıram ki, nəticələrdə qaneedici olacaq”.
Eldəniz Elgün onu da bildirib ki, yaxın günlərdə daha real addımlar da atılacaq və media, ictimaiyyət Azərbaycan Ordusunun yanında olduğunu daha açıq şəkildə nümayiş etdirəcək. ”Unikal” qəzetinin baş redaktorunun birinci müavini bunu da dedi ki, məsələ ilə bağlı Mətbuat Şurasının rəhbərliyi ilə də görüşəndən sonra daha ətraflı məlumat verə biləcək.
Modern.az