Modern.az

Müəllimlərə verilən kompensansiyanın məbləği artırıldı

Müəllimlərə verilən kompensansiyanın məbləği artırıldı

Təhsil

19 Avqust 2014, 11:52

Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarında dəyişikliklər edilib.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 (bir yüz) manat məbləğində əlavə ödəniləcək.

Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaq. Məlumat üçün bildirək ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaq. Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcək.

Ötən dərs ilində Təhsil Nazirliyi tərəfindən bu məsələyə daha diqqətlə yanaşaraq kənd məktəblərində 2552 yerə həvəsləndirmə tədbirləri tətbiq olunub ki, bu da bütün vakant yerlərin 78 faizini təşkil edir. Qərarda əhəmiyyətli yeniliklərdən biri də ondan ibarətdir ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əmək haqqına əlavə ödəniləcək. Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər.

Nazirlər Kabinetinin qərarında göstərilir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə kənd məktəblərində işə başlamış gənc mütəxəssislərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, onların daimi məskunlaşması üçün torpaq sahələrinin ayrılmasına köməklik göstəriləcək. Gənc mütəxəssislərə daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması və ipoteka kreditlərinin verilməsi sahəsində çətinliklərin aradan qaldırılması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı sənədlər hazırlanır.  

Misranə Həsənzadə  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı