Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 28-də keçiriləcək andiçmə mərasimində bir çox ilklərə imza atılacaq. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Çanqaya köşkündə öz vəzifəsinin icrasına başlayacaq.
Ərdoğanın 28 avqustda evindən çıxıb parlamentə və daha sonra Çankaya köşkünə gəlməsi TRT telekanalında canlı yayımlanacaq.
Ərdoğan Çankaya köşkündə süvari dəstəsi ilə qarşılanacaq. Paytaxtda təhlükəsizlik qüvvələrinin və TRT-nin hazırladığı maraqlı parad haqqında indidən danışılmağa başlanılıb. Türkiyə televiziyaları içərisində ən yaxşı texniki avadanlıqlara malik olan TRT bu mərasim üçün əlavə yardımlar alacaq. TRT və ona daxil olan bütün media qurumları Ərdoğanın keçdiyi hər küçədən canlı yayım verəcəklər.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də andiçmə mərasimi üçün bütün partiyaları sessiyadan kənar iclasa çağırıb. Belə ki, hər kəs 28 avqust saat 14:00-da (Bakı vaxtı ilə 16:00-da) Türkiyə parlamentində olmalıdır.
Rüfanə GÜNƏŞ