Modern.az

Hadi Rəcəbli: “Yas mərasimində israfçılığı elliklə qınamaq lazımdır”

Hadi Rəcəbli: “Yas mərasimində israfçılığı  elliklə qınamaq lazımdır”

Təhsil

23 Avqust 2014, 13:17


Yas mərasimlərində verilən yeməklərə qadağa qoyulması ilə bağlı müzakirələr cəmiyyətdə birmənalı qarşılanmır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu məsələ ilə bağlı Modern.az-a danışıb.

Onun sözlərinə görə, uzun müddətdir bununla bağlı fikirlər söylənilsə də, köklü dəyişikliklər olmurdu: “Çünki steorotipləri sındırmaq çətindir. Əgər Azərbaycanda 20 il bundan öncəki dini mərasimlərinin təşkilinə və icrasına nəzər salsaq bu sahədə həm müsbət, həm də mənfi dəyişikliklərin baş verdiyini görərik”.  

Hadi Rəcəbli yas mərasimlərinin təntənəli keçirilməsini qınayıb.

Komitə sədrinin fikrincə, bu istiqamətdə ciddi addımların atılması önəmlidir: “Əvvəlki illərdə bölgələrdə yas mərasimlərində 7 gün  yemək verərdilər. Bu günlərdə hamı gəlib-gedərdi. İndi elə adamlar var ki, yas mərasiminə səhər gəlib axşam evlərinə  gedirlər. Vəzifəli adamın yas yerində oturmağa yer olmur, bir az kasıb adamın hüzr yerində isə heç kim olmur. Təəssüflər olsun ki, indi yas mərasimlərində süfrələrin üzərini bananlarla bəzəyirlər”.  

Komitə sədri hesab edir ki, bu cür yas mərasimi keçirənlər israfçılıq edirlər: “Dinimiz də bunu tənqid edir. Məsələn, ehsan verməyin formaları var. Dəmdəzgah olmadan, məsciddə də ehsan verilə bilər”

O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də bu steorotipi sındırmaq üçün çox əziyyət çəkib: “Atam rəhmətə gedəndə Şeyxlə məsləhətləşdik. Mən atamın 3 mərasimini verdim. Sonra çadırı küçədən yığışdırdıq ki, insanlar bu formanı, elementləri unutsunlar. Biz gələnləri həyətdə yerləşdirdik.

Düzdür, sıxlıq oldu. Amma biz bunun öhdəsindən gəldik. İndi Lənkəranda yalnız 3 mərasiminə qədər çadır olur”. 

Hadi Rəcəbli yas mərasimləri üçün evlərin təşkil olunmasını daha doğru hesab edir:

“Şəhərin küçələrini bağlayıb yas çadırı qururlar. İndi yas mərasim evləri tikilib və bu məsələ də həllini tapıb. Hətta Naxçıvanda  bu məsələdə bir az da qabağa gediblər. Belə ki, orada 3 verirlər, mərasim evləri yaranma ehtimali və çadır da var. Amma içəridə verilən yeməkləri konkret müəyyənləşdiriblər. Burada həm icra hakimiyyəti,  həm də dini qurumlar bir yerdə işləyirlər.

Naxçıvanda təbəqələr arasında ayrı-seçkilik aradan götürülüb. Həm biznesmenin, həm də kasıb şəxsin yas süfrəsi eyni qaydada təşkil olunur”.  

Komitə sədri yas mərasimlərində israfçılığın qarşısını tamamilə almağın vacibliyini  xüsusi vurğulayıb: “Eyni zamanda cəmiyyətdə örnək insanlar olmalıdır. Ziyalılar da bu məsələdə aktivlik göstərməlidir. Bizdə sanki insanlar biri-biriləri isə bəhsə gedirlər. Məsələn, biri təmtəraqlı yas mərasimi keçirir, digəri də deyir ki, mənim ondan nəyim əskikdir, ondan da təmtəraqlı mərasim təşkil edir. Bu da israfçılığa gətirib çıxarır.

Ona görə örnək ola biləcək insanlarla bu problemi həll etmək lazımdır. Bu məsələ ilə bağlı dini strukturlar təbliğat aparacaq, biz də onların yanında olacağıq. Yas mərasimində 6 növ yemək verən insanları elliklə qınamaq lazımdır. Qınaq olsa, onlar utanacaq,  bu qədər israfçılıq etməyəcək, hansısa kasıbın övladına paltar almaq haqda düşünəcək. Mətbuat da bu qınağı təbliğ etməlidir”.

Məltəm Talıbzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı