
Türkiyəyə rəsmi səfərə gələn Rusiya dövlət başçısı Vladimir Putin ciddi təhlükəsizlik tədbirlərinin alındığı Esenboğa hava limanında rəsmi mərasimlə qarşılanıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, xüsusi təyyarəsi ilə saat yerli vaxtla saat 13:08-də Ankaraya gələn Putin və onu müşayiət edən heyəti Esenboğa hava limanında enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Xarici İşlər Nazirliyinin səlahiyyətliləri ilə Rusiya səfirliyinin səlahiyyətliləri qarşılayıblar.
Putinin Ankaraya gəlişi ərəfəsində Esenboğa Hava limanının girişində avtomobillər xüsusi nəzarətdən keçirildikdən sonra içəri buraxılıblar. Hava limanının şərəf salonu binasının damında snayperlər yerləşdirilib, təcili yardım maşınları da hazır vəziyyətə gətirilib.
Bundan başqa, Putinin kortejinin keçəcəyi yollarda üst səviyyədə təhlükəsizlik tədbirləri görülüb.
Rusiya prezidenti Ankarada ilk növbədə Atatürkün mavzoleyini ziyarət edib. Mərasimin ardından Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşəcək.
Daha sonra Ərdoğan ilə Putinin birgə başçılığı ilə Türkiyə və Rusiya Üst Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) 5-ci yığıncağı reallaşdırılacaq.
İki ölkədən nazirlərin də qatılacağı ÜDİK-in yığıncağında ikitərəfli əlaqələr geniş müzakirə olunacaq, ayrıca iki ölkəni maraqlandıran təməl regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq. Baş nazir Əhməd Davutoğlu da Putinlə Prezident Sarayında təkbətək görüşəcək. Ardından heyətlər arası görüş keçiriləcək.
Rusiya dövlət başçısı Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı olaraq “tarixi əhəmiyyətə malik” deyə xarakterizə etdikləri 100 milyard dollarlıq texniki maneələri qaldıracaq 5 maddəlik bir razılaşma imzalayacağı da gözlənilir.
Rusiya dövlət başçısı axşam saatlarında Türkiyədən ayrılacaq.
Modern.az