
Xalid Bağırovun vəkillik fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının qərarına əsasən, onun vəkilliyinə xitam verilməsi üçün məhkəməyə müraciət edilməsi, məhkəmə qərarı verilənə kimi də fəaliyyətinin dayandırılmasına qərar verilib.
Bu barədə Modern.az-a vəkil özü məlumat verib. Vəkilin sözlərinə görə, buna səbəb REAL Hərəkatının sədri İlqar Məmmədovun məhkəməsində çıxışı zamanı “belə dövlətdə belə məhkəmə olacaq” deməsidir:
““Azərbaycanda ədalətli məhkəmə olsaydı, belə qərəzli və ədalətsiz qərar çıxarılmazdı” deməyim dövlətçiliyə qarşı işlədilən ifadə kimi qiymətləndirilib. Buna əsasən də Vəkillər Kollegiyasına müraciət edilib. Kollegiya da vəkilliyimə xitam verilməsi üçün məhkəməyə müraciət etmək haqda qərar verib”.
Vəkil əlində olan işlərin yekunlaşdırılması üçün möhlət istəsə də, onun istəyi təmin olunmayıb: “Bircə gün belə, mənə artıq vaxt vermədilər. Görünür, vəkillik etməyimi istəmirlər. Çarəm məhkəmədə özümü müdafiə etmək olacaq. Çünki başqa çıxış yolum yoxdur”.
Gülşən RAUFQIZI