Modern.az

“Ən yaxşı müəllim” müsabiqəsində 131 müəllim qaldı

“Ən yaxşı müəllim” müsabiqəsində 131 müəllim qaldı

Təhsil

10 Dekabr 2014, 16:23

Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsi başa çatıb. Bu mərhələyə müsabiqədə iştirak üçün ərizə vermiş 296 müəllim arasından seçilmiş 131 müəllim buraxılıb. Bu baradə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Seçilmiş müəllimlər Bakının 41 məktəbində sınaq-nümunə dərsləri keçib.

Qeyd edək ki, dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə həmin müəllimlər Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndiriləcək. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2014-cü il üzrə 100 qalib müəyyənləşdiriləcək. 

Xatırladaq ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri təmsil olunur.

Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı