Azərbaycan Milli Mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində Azərbaycan jurnalistika tarixindən bəhs edən “İstoriya Azerbaydjanskoy jurnalistiki” adlı kitab işıq üzü görüb. Modern.az xəbər verir ki, Azərbaycanın tanınmış jurnalistləri - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, əməkdar jurnalist Akif Təvəkküloğlunun müəllifliyi ilə ərsəyə gələn bu kitab oxuculara rus dilində təqdim olunur.
455 səhifədən ibarət olan kitab bu sahədə respublikada ilk olmaqla, Azərbaycanda mətbuatın təşəkkülündən bu günə qədər olan dövrü, eləcə də radio və televiziya tarixini özündə ehtiva edir.
Kitabda «Əkinçi” qəzetindən bu günə qədər keçən qəzet və jurnal jurnalistikası tarixi, mühacirət və diasporada jurnalistika, həmçinin, Azərbaycanda radio və televiziyanın təşəkkülü, müxtəlif agentliklərin fəaliyyəti barədə oxuculara müfəssəl məlumat verilir.
Azərbaycanda bu sahədə kitabın ilk dəfə rus dilində çıxması zənnimizcə çox əhəmiyyətlidir. Belə ki, bu kitab respublikada yaşayan rus dilli əhali, ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr və müəllimlər, rus dilli mətbuatın əməkdaşları üçün dərslik kimi, eləcə də MDB və digər bölgələrdə dəyərli mənbə kimi böyük əhəmiyyətə malikdir.
Uzun müddət gərgin əmək və zəhmət bahasına ərsəyə gələn kitab çox zəngin faktlar və mənbələrə əsaslanıb.
Kitaba Azərbaycan mətbuatında xüsusi yeri olan şəxslər rəy vermiş, məsləhətçi olmuşlar.
Kitabın ərsəyə gəlməsində təbii ki, redaktorların da xüsusi əməyi olmuşdur.
Zənnimizcə, bu kitab müəlliflər tərəfindən Azərbaycan Milli Mətbuatın 140 illiyinə ən böyük dəyərli töhfəsidir.

Modern.az