Universitetlərin bölgələrə, xüsusilə də işğaldan azad edilmiş ərazilərə köçürülməsi məsələsi son illərdə ölkəmizdə ictimai müzakirələrdə və şəhərsalma strategiyalarında tez-tez səslənən aktual ideyalardan biridir.
Ali təhsil müəssisələrinin Bakının mərkəzində cəmləşməsi paytaxtın nəqliyyat ekosistemini ciddi şəkildə yükləyir.
Bəs universitetlərin bölgələrə, xüsusilə də işğaldan azad edilmiş ərazilərə köçürülməsi bu problemi həll edə bilərmi?
Mövzuyla bağlı təhsil eksperti İlqar Orucov Modern.az-a danışıb.
"Müasir urbanizasiya prosesləri və demoqrafik təzyiqlər fonunda Bakı şəhərinin üzləşdiyi ən kəskin infrastruktur böhranlarından biri məhz nəqliyyat ekosisteminin həddindən artıq yüklənməsidir. Paytaxtın mərkəzi hissəsində ali təhsil müəssisələrinin və onların çoxminli kontingentinin cəmləşməsi gündəlik daxili miqrasiyanı pik həddə çatdırır ki, bu da şəhərin loqistik dayanıqlılığına birbaşa mənfi təsir göstərir. Ali təhsil coğrafiyasının regional şaxələndirilməsi, xüsusən də bu müəssisələrin işğaldan azad edilmiş torpaqlara köçürülməsi ideyası sadəcə inzibati-mexaniki yerdəyişmə deyil, ölkənin uzunmüddətli geosiyasi və sosial-iqtisadi strategiyasını müəyyən edən fundamental bir konseptdir. Bu yanaşma milli təhsil sisteminin struktur modernizasiyası ilə bərabər, regionların tarazlı inkişafını təmin edən makroiqtisadi stimul rolunu oynaya bilər".
Ekspertin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ali məktəb ekosisteminin sıfırdan qurulması milli təhsilimizdə keyfiyyətcə yeni bir intellektual dalğanın başlanğıcı deməkdir.
"Bu sahədə fundamental dövlət iradəsinin göstəricisi kimi fəaliyyətə başlayan Qarabağ Universiteti modeli sübut edir ki, regional universitet məkanın ruhunu dəyişən, ətrafa innovativ impuls və gənclik enerjisi bəxş edən ən güclü katalizatordur. Böyük Qayıdış proqramının hədəflərinə uyğun olaraq, azad edilmiş şəhərlərdə müasir kampusların yaradılması həm daimi məskunlaşmanı sürətləndirəcək, həm də həmin regionların iqtisadi profilinə uyğun yerli mütəxəssis bazasını formalaşdıracaqdır. Təhsildə bu yeni səhifə, strateji coğrafi məkanlarda intellektual mərkəzləşməni təmin etməklə bütöv bir regionun simasını yenidən formalaşdırmaq qüdrətinə malikdir".
O vurğulayıb ki, oturuşmuş akademik ənənələri və geniş infrastrukturu olan universitetlərin paytaxtdan bütövlüklə transferi kompleks və mərhələli yanaşma tələb edir. Ekspertin sözlərinə görə, kütləvi və plansız köçürülmələr elmi məktəblərin kadr potensialının zəifləməsi, müəllimlərin sosial adaptasiya çətinlikləri və irihəcmli maliyyə xərcləri kimi risklərə yol aça bilər.
Ekspertin fikrincə, rasionallıq universitetlərin tam tərkibdə deyil, məhz azad olunmuş ərazilərin gələcək iqtisadi profilinə uyğun ixtisaslaşmış institut və fakültələr səviyyəsində köçürülməsini tələb edir.
"Məsələn, bərpa olunan enerji, aqrar texnologiyalar, ekologiya, logistika və turizm istiqamətli elmi-tədris bölmələrinin Ağdam, Füzuli, Laçın və Kəlbəcər kimi mərkəzlərdə sənaye ilə inteqrasiyalı şəkildə qurulması daha yüksək elmi-praktik səmərə vəd edir. Hesab edirəm ki, universitetlərin regional transferinə sadəcə Bakının tıxac problemini həll edən köməkçi bir alət kimi baxmaq onun elmi-fəlsəfi mahiyyətini məhdudlaşdırardı. Bu, Azərbaycanın gələcək intellektual xəritəsini formalaşdıran, mərkəzləşdirilmiş modeldən şəbəkəvari inkişaf modelinə keçidi təmin edən milli doktrinadır. İşğaldan azad olunmuş müqəddəs torpaqlarda müasir tədqiqat mərkəzlərinin və universitet kampuslarının qurulması təhsilin beynəlxalq rəqabətə davamlılığını artırmaqla yanaşı, gənc nəslin dövlətin quruculuq missiyasında elmi və praktiki tərəfdaş kimi çıxış etməsinə fundamental zəmin yaradacaqdır".
Nəqliyyat eksperti Yasin Mustafayevin fikirlərinə görə isə universitetlərin bölgəyə köçürülməsinə ehtiyac yoxdur:
"Universitetlərimizin kampus,yataqxana problemi var. Əgər universitetin yataqxanaları olarsa tıxac və yol problemi də olmaz".
Lamiyə Cənnətzadə