Qarabağda işğaldan azad edilmiş ərazilərdə 15 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir.
Modern.az-a bu barədə MÜTDA-dan məlumat verilib.
Qeyd edilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir.
Belə ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində 15 yeni məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayon Qırmızıbazar qəsəbə, Sos və Quzeyxırman kənd körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayon Sarıcalı və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib.
Xocalı rayon Təzəbinə, Daşbulaq, Şuşakənd kənd körpələr evi-uşaq bağçası, Xocavənd rayon Xanoba kənd körpələr evi-uşaq bağçası, Ağdərə rayon Vəngli, Həsənriz, Aşağı Oratağ kənd körpələr evi-uşaq bağçasının yaxın günlərdə açılışının həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.