Modern.az

Həştərxanda girov saxlanılan soydaşımız azad edildi - VİDEO

Həştərxanda girov saxlanılan soydaşımız azad edildi - VİDEO

Diaspor

12 Oktyabr 2022, 11:00

Rusiyanın Həştərxan vilayətində girovluqda saxlanılan soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə azadlığa buraxılıb. 

 

Modern.az-ın məlumatına görə, Azərbaycan vətəndaşı İsmayıl Mustafayev Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. O, oğlu Tərlan Mustafayevin iki aydır Həştərxanın Privoljoskiy rayonunda təsərrüfat sahəsində qanunsuz saxlanılaraq qul kimi işlədildiyini söyləyib.

 

İ.Mustafayevin dediyinə görə, oğlu aldadılaraq iş adamları ilə görüşmək adı ilə Həştərxana göndərilib. Məlum olub ki, Tərlan Mustafayevi göndərən şəxsin Həştərxandakı iş adamlarına külli miqdarda borcu olub və Şimali Qafqaz xalqlarına mənsub olan şəxslər bu səbəbdən Tərlanı girov kimi saxlayıblar.

 

İ.Mustafayev oğlunun azadlığa buraxılması üçün Azərbaycanda və Rusiyada bir sıra qurumlara müraciət etsə də, nəticəsi olmayıb. 

 

Atanın müraciətindən sonra Diasporla İş üzrə Dövlət Komitəsi Həştərxan Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Cəmiyyəti ilə əlaqə saxlayaraq məsələnin araşdırılması və müvafiq köməyin göstərilməsini xahiş edib. Təşkilat dərhal məsələyə reaksiya verərək Həştərxanda fəaliyyət göstərən Dağıstan nümayəndəliyinin üzvləri ilə birgə soydaşımızın saxlanıldığı yerə gedib və danışıqlardan sonra onu girovluqdan azad ediblər. 

 

Tərlan Mustafayev Həştərxan Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Cəmiyyətinin sədri Vahid Rəhimovun nəzarəti altında vətənə yola salınıb.

 

İki aylıq girov həyatından sonra azadlığa çıxan soydaşımız vəziyyətinin qənaətbəxş olduğunu bildirib və Azərbaycan diasporuna, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi