Modern.az

Diaspor fəalı alman jurnalistin anti-Azərbaycan mövqeyinə etiraz edib

Diaspor fəalı alman jurnalistin anti-Azərbaycan mövqeyinə etiraz edib

Diaspor

21 Oktyabr 2023, 14:09

Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgər bu ölkənin “Tagesschau.ge” xəbər portalında və kanalında nümayiş etdirilən anti-Azərbaycan mövqeyinə sərt etirazını bildirib.

Modern.az xəbər verir ki, diaspor fəalının bu istiqamətdə xüsusi canfəşanlıq göstərən jurnalist-reportyor Silviya Stöberə ünvanladığı məktubda bildirilib ki, “Yaxın Şərqin uzun kölgəsi” adlı müəllif məqaləsində bir daha qərəzli, birtərəfli və həqiqətə tamamilə uyğun olmayan mövqe nümayiş etdirib: “Əgər siz müstəqil jurnalist və araşdırmaçısınızsa, niyə, sadəcə, Ermənistan KİV-lərinə istinadən xəbər yayır, Ermənistandan reportaj hazırlayırsınız?! Mən sizi Azərbaycana dəvət edirəm. Gəlin, Qarabağda hər şeyi öz gözlərinizlə görün! Müstəqil jurnalist hər iki tərəfin fikrini öyrənməli və təqdim etməlidir”.

Diaspor fəalı jurnalistin “Qarabağdan 100 min erməninin getdiyi” iddiasa istehza edib: “Əvvəllər ermənilər və havadarları Qarabağda 120.000 erməninin yaşadığını iddia edirdilər. Siz və beynəlxalq təşkilatlar da bunu təkrarlayırdınız. İndi isə ermənilər 100 000 min deyir, siz də həmin rəqəmə istinad edirsiniz. Bəs 20 000 erməni hara yoxa cıxdı?”

Məktubda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltması faktının yolverilməz şəkildə təsvir edilməsinə sərt etiraz bildirilib: “Prezidentin, Ali Baş Komandanın hərbi formada işğaldan azad olunmuş ərazidə dizi üstə Azərbaycan bayrağını öpüb, səmaya qaldırması bizim qürurumuzun və qələbəmizin göstəricisidir. Azərbaycan lideri prezidentin andicmə mərasimində dövlətin müstəqiliyini, ərazi bütövlüyünü qoruyacağına və xalqa ləyaqətlə xidmət edəcəyinə and icib. O bayrağın uğrunda 10 minlərlə Azərbaycan gənci həlak olub”.

Ermənilərin Azərbaycanda məskunlaşdırılmasının tarixi, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılmış işğalçı, təcavüzkar, terrorçu siyasəti, 19-20 sentyabr antiterror əməliyyatına gətirib çıxaran səbəblər, Azərbaycanın erməni əhalisinə reinteqrsiya şərtləri barədə məlumat faktlarla nəzərə çatdırılıb. Qarabağda qeyri-qanuni fəaliyyət göstərmiş terrorçu rejimin rəhbərlərinin hazırda Azərbaycan qanunları qarşısında cavab verdiyi, xalqımızın bu quldur dəstəsinin “bayrağı“na 30 il ərzində əski parçası kimi yanaşdığı, Prezidentin də xalqın iradəsini ifadə etdiyi, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını beynəlxalq hüquq çərçivəsində işğaldan azad etdiyi bildirilib: “Müharibə qanunlarına və humanitar hüquqa dünyada Azərbaycan kimi əməl edən ikinci dövlət yoxdur”.

Alman jurnalistinə erməniləri deyil, insanlığı müdafiə etmək çağırışı ilə müraciət edən diaspor fəalı qeyd edib ki, Azərbaycan xalqı tezliklə sülh müqaviləsinin imzalanmasının, bölgədə əmin-amanlığın bərqərar olmasının tərəfdarıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov