Modern.az

Türkiyədə zəlzələdən sonra 455 mindən çox obyekt inşa edilib

Türkiyədə zəlzələdən sonra 455 mindən çox obyekt inşa edilib

Aktual

Bu gün, 16:19

Mənzil məsələsi yalnız yaşayış sahəsi deyil, təhlükəsizlik, sosial rifah, iqlim dayanıqlılığı və şəhərlərin gələcəyi ilə birbaşa bağlı məsələdir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi - hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada 
Türkiyə Böyük Millət Məclisinin İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu bildirib.

O qeyd edib ki, mənzil yalnız dam və divarlardan ibarət deyil:

“Mənzil təhlükəsizlik, ailə həyatı, sağlamlıq, təhsilə çıxış, məşğulluğa yaxınlıq, məhəllə mədəniyyəti və insanların yaşadığı şəhərə aidlik hissidir”.

Deputat vurğulayıb ki, Türkiyə mənzil siyasətinə rifah dövləti, planlı urbanizasiya və fəlakətlərə davamlı tikinti yanaşması ilə yanaşır:

“Bizim üçün mənzil tikintisi sadəcə bina inşa etmək deyil. Bu, təhlükəsiz evlər yaratmaq, şəhərləri yeniləmək və vətəndaşlara dayanıqlı yaşayış mühiti təqdim etməkdir”.

Onun sözlərinə görə, TOKİ vasitəsilə həyata keçirilən sosial mənzil layihələri milyonlarla insanın həyatına birbaşa təsir göstərib:

“Vətəndaşlarımız məscidlər, parklar, piyada yolları və sosial obyektlərlə təmin olunan müasir yaşayış məkanlarına çıxış əldə edib. Bu təcrübə göstərdi ki, düzgün qurulmuş sosial mənzil siyasəti inkişaf üçün güclü vasitədir”.

Komitə sədri bildirib ki, Türkiyə Konstitusiyası dövlətin planlı şəkildə mənzil ehtiyaclarının qarşılanmasını təmin etməsini nəzərdə tutur:

“Mənzil siyasəti sosial institut siyasəti kimi qəbul edilməlidir. Aşağı və orta gəlirli qruplar üçün sosial mənzil istehsalı ilə yanaşı, sosial infrastrukturun qurulması da vacibdir”.

Deputat əlavə edib ki, mənzil layihələri məktəblər, səhiyyə müəssisələri, parklar, nəqliyyat bağlantıları və ictimai məkanlarla birlikdə planlaşdırıldıqda daha dayanıqlı icmalar formalaşır.

O həmçinin vurğulayıb ki, əlçatan maliyyələşdirmə modelləri və fəlakətlərə davamlı tikinti mənzil siyasətinin ayrılmaz hissəsi olmalıdır:

“Türkiyə 6 fevral 2023-cü il zəlzələlərindən sonra böyük yenidənqurma prosesi həyata keçirib. Bu fəlakətdə 53 mindən çox insan həyatını itirdi. Zəlzələdən dərhal sonra genişmiqyaslı tikinti işlərinə başlanılıb və bölgədə ümumilikdə 455 min 357 müstəqil yaşayış və kommersiya obyektinin inşası tamamlanıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı