Mənzil məsələsi artıq yalnız bazar və ya tikinti sektoru ilə bağlı problem deyil, sosial həmrəylik, ərazi ədaləti və demokratik sabitlik məsələsinə çevrilib.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi - hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Avropa Parlamentinin üzvü Marcos Ros Sempere bildirib.
O qeyd edib ki, Avropada və qlobal səviyyədə artan mənzil qiymətləri, spekulyativ təzyiqlər, ərazi bərabərsizliyi və iqlim riskləri cəmiyyətlərə ciddi təsir göstərir:
“Uzun illər mənzil məsələsi əsasən milli, regional və ya yerli məsələ kimi qiymətləndirilirdi və Avropa səviyyəsində məhdud koordinasiya mövcud idi. Lakin böhranın miqyası göstərdi ki, mənzil əlçatanlığı iqtisadi rəqabət qabiliyyətinə, sosial inklüzivliyə, ərazi bütövlüyünə, yaşıl keçidə və vətəndaşların Avropa İttifaqı institutlarına etimadına birbaşa təsir edir”.
Morcos həmçinin vurğulayıb ki, Avropa səviyyəsində ilk dəfə mənzil məsələsinə cavabdeh komissarın təyin olunması və əlçatan mənzil planının hazırlanması mühüm addımlardır:
“Avropa Regional İnkişaf Fondundan (ERDF) ictimai mənzillərə investisiyaların mümkün edilməsi ilə bağlı qərar qəbul etmişik. Daha əvvəl bu mümkün deyildi. Bundan başqa, əlçatan mənzil anlayışı ilk dəfə maliyyələşdirilə bilən model kimi tanınıb”.
Onun sözlərinə görə, mənzil siyasəti ərazi planlaşdırılması, mobillik, ictimai xidmətlər, enerji səmərəliliyi və iqlim dayanıqlılığından ayrı düşünülməməlidir:
“Əsas problemlərdən biri siyasi və büdcə parçalanmasıdır. Mənzil siyasəti çox vaxt torpaq planlaşdırılması və nəqliyyat sistemlərindən ayrı həyata keçirilir. Eyni zamanda yerli hakimiyyət orqanları maliyyə çatışmazlığı ilə üzləşir”.
Avropa Parlament nümayəndəsi onu da əlavə edib ki, Avropa Parlamenti növbəti çoxillik maliyyə çərçivəsi üzrə danışıqlarda daha güclü çoxsəviyyəli idarəetmə və maliyyələşdirmə mexanizmlərini müdafiə edəcək.